15 iyun 2025-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Yeni dünya nizami: Geosiyasi istiqamətlər və qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirildi. Türkiyə ilə Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin 4-cü ildönümünə həsr olunan bu mühüm tədbir Yeni Azərbaycan Partiyasının ev sahibliyində baş tutdu.
Konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən qəhrəmanların xatirəsinə sükut dəqiqəsi ilə başladı. Ardından Azərbaycan Dövlət Himni səsləndirildi. Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı məktub YAP-ın İcraçı Katibi və Azərbaycan Milli Məclis deputatı Tahir Budaqov tərəfindən oxundu.
AK Parti Sədr müavini və Xarici Əlaqələr Başçısı Zafer Sırakaya-nın moderatorluq etdiyi paneldə Azərbaycan Milli Məclisinin Birinci Sədr müavini Əli Əhmədov, Qazaxıstan Amanat Partiyasının İcraçı Katibi Daulət Keribek, Özbəkistan Liberal Demokrat Partiyasının Lideri Aktam Haitov və Serbiya Avropa İnteqrasiyası Naziri Nemanja Staroviç çıxış etdi.
Zafer Sırakaya Şuşa Bəyannaməsinin regional və qlobal sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıdığını qeyd edərək, Türkiyənin hər zaman Azərbaycanın haqlı davasının yanında olduğunu vurğuladı. 2-ci Qarabağ Müharibəsinin təkcə Azərbaycanın təhlükəsizliyini deyil, həm də regional sülhü möhkəmləndirdiyini ifadə etdi.
Əli Əhmədov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün təhdid və çətinliklərə qarşı qərarlı siyasət yürütdüyünü və Ermənistanla dayanıqlı sülh prosesinə üstünlük verdiyini vurğuladı. Zəngəzur dəhlizinin regional əlaqələr baxımından kritik əhəmiyyəti də vurğulandı.
Konfransda müzakirə olunan digər mövzular arasında Türk dünyasının inteqrasiyası, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və ortaq dəyərlər əsasında daha bütöv bir gələcək vizyonu xüsusi olaraq qeyd edildi.
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin hakim partiyalarının lider və nümayəndələrinin iştirakı ilə keçirilən konfransa dəvət edilən yeganə vətəndaş cəmiyyəti təşkilatı olaraq qatılmışdır. TAİB tədbirdə İdarə Heyətinin Sədri və iş adamı Elshan Guliyev tərəfindən təmsil olunmuşdur. Yarandığı gündən yalnız Azərbaycan və Türkiyədə deyil, bütün Türk Dünyasında aktiv bir aktor olmağı hədəfləyən TAİB, Türk Dövlətləri Təşkilatı üzvləri arasında siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin dərinləşməsinə töhfə verməyi məqsəd qoyur. Konfrans müddətində TAİB Sədri xüsusilə iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin artırılması və investisiya əlaqələrinin təşviq edilməsi mövzularında fikir mübadiləsi aparmış və bu prosesə necə effektiv töhfə verə biləcəyini dəyərləndirmişdir.











