
Dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirildi
Dekabrın 21-də Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə, Türkiyə Cumhuriyyəti Prezidentliyi Maliyyə Ofisi, Türkiyə Ticarət Nazirliyi, İxracat və İnvestisiya Təşviqi Agentliyi (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayecilər İctimai Birliyinin ortaq təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cumhuriyyətinin qurulmasının 100-cü ildönümünə həsr olunmuşdu.
Forumda Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Türkiyənin Ticarət Naziri Prof. Dr. Ömer Bolat və Prezidentlik Maliyyə Ofisinin Rəisi Prof. Dr. Göksel Aşan da iştirak etdi.
İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirməyi və regional inkişafa mühüm töhfələr verməyi hədəfləyən Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlərlə yanaşı, Azərbaycan və Türkiyə arasında güclü iqtisadi əlaqələr qurmaq üçün atılacaq addımlar və potensial investisiya imkanları da müzakirə olundu.
Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, “yaşıl” enerji və sağlamlıq turizmini əhatə edən panel iclasları keçirildi, həmçinin iş adamları və sahibkarlar arasında B2B görüşlər təşkil olundu.
Azərbaycan İxracat və İnvestisiya Təşviqi Agentliyi ilə Türkiyə və Azərbaycan İşadamları və Sənayecilər İctimai Birliyi arasında fəaliyyət planı da imzalandı.
İmzalanan 2024 Fəaliyyət Planına görə tərəflər arasında ticarət və investisiya həcminin artırılması, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəstəklənməsi istiqamətində ortaq layihələrin təşviq edilməsi planlaşdırılır.
Hər iki ölkədən çoxsaylı dövlət məmurları və böyük və orta ölçüklü şirkətlərin rəhbərlərinin qatıldığı Forumda Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyini (TAİB) İdarə Heyətinin Sədri, İş adamı Elşan Güliyev təmsil etdi. Güliyev foruma qatılan dövlət məmurları və müxtəlif sektorlardan iş adamları ilə görüşərək TAİB-in iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsi və investisiya imkanları baxımından rolunu müzakirə etdi.














